Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün final mərhələsi keçirilib.
“bp Azərbaycan” şirkətinin sponsorluğu ilə keçirilən, əsas məqsədi universitetin istedadlı tələbələrini aşkar etmək, onların peşəkar inkişafına dəstək göstərərək gələcək kadr bankı formalaşdırmaq olan müsabiqənin finalında yarımfinal mərhələsində uğur qazanaraq finala vəsiqə qazanmış 105 nəfərdən 102-si iştirak edib. Komandalar daxilində qiymətləndirmə konfransları formatında təşkil edilən final mərhələsində iştirakçıların kommunikasiya və komanda ilə iş, liderlik, sosial məsuliyyət, effektiv və strateji düşüncə, nəticəyə yönəlmə, dəyişikliklərin idarə edilməsi və layihə idarəetməsi kimi bacarıqlarını qiymətləndirən müxtəlif keyslər təqdim olunub.
Rektor professor Cəfər Cəfərov və ADPU-nun qonağı olan Türkiyənin Atatürk Universitetinin eks-rektoru, Üsküdar Universitetinin rektor köməkçisi professor Hikmət Koçak müsabiqə iştirakçılarına uğurlar arzulayıb, öz tövsiyələrini səsləndirərək, bu təşəbbüsün tələbəlik dövründən peşəkar idarəetmə təcrübəsi qazanmaqda gənclər üçün unikal fürsət yaratdığını qeyd ediblər.
Keyslərdə hazırda müxtəlif sektorlarda uğurlu fəaliyyət göstərən ADPU məzunları və əməkdaşlarından ibarət ekspertlər tərəfindən meyarlar üzrə iştirakçıların bacarıqları qiymətləndirilib. Layihə təqdimatı hissəsində isə münsiflər heyəti komandaların təhsilin inkişafı, ekologiya, rəqəmsallaşma kimi istiqamətlərdə hazırladıqları layihə təkliflərini dəyərləndiriblər. Münsiflər heyətində ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, rektorun müşaviri Ümid Mehdiyev, Pedaqoji Kollecin direktoru dosent İsrayıl İsgəndərov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, eləcə də universitetin məzunları - Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin Məktəbəqədər təhsil layihələri departamentinin müdiri, layihə meneceri, ADPU-nun SABAH qruplarının müəllimi Orxan Cəfərov və “Edumap” təhsil portalının təsisçisi Rasim Abdurahmanov təmsil olunublar.
Müsabiqənin qaliblərinin yaxın günlərdə elan olunacağı gözlənilir.
Qeyd edək ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə ADPU tərəfindən 1000 AZN məbləğində pul mükafatı və “bp”dən dəyərli hədiyyələr, eləcə də Təşkilat Komitəsinin təyin etdiyi mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq şəhadətnamə veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Mentorlar universitet rəhbərliyi və tərəfdaş qurumların rəhbər şəxsləri arasından seçiləcək.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb