Təhsil sistemində islahat apararkən  seçilən yanlış faktorlar

Təhsil sistemində islahat apararkən  seçilən yanlış faktorlar

Bu məqalə təhsil sisteminin önəmli simalarından olan Maykl Fullanın “Ümumi Sistem İslahatında Seçilən Yanlış Aparıcı Qüvvələr” adlı yazısının qısa xülasəsidir.

Məqalədə yazıçı hökümətləri təhsil sistemində köklü dəyişikliklər edərkən islahatın aparıcı qüvvələrini diqqətli və ehiyatlı seçməyə çağırır. O, düzgün və yanlış qüvvələri və nə üçün onların “yanlış” və ya “doğru “ olduqlarını, həmçinin onların aparıb çıxara biləcəyi nəticələri qeyd edir.

Fullan “doğru” və “yanlış” aparıcı qüvvələri belə müəyyən edir: “Yanlış aparıcı” arzuolunan nəticəni əldə etmək üçün istifadə olunan və uğurlu olma ehtimalı çox az olan strategiyadır. Halbuki, “doğru aparıcı” şagird və tələbələr üçün daha yaxşı və ölçüləbilən nəticələrə aparıb çıxarır.”

.Yazıçı tərəfindən müəyyən olunan dörd doğru aparıcı güclər bunlardır: potensialın  gücləndirilməsi, qrup işi, pedaqogika və sistemlilik. Bunlar ona görə doğrudur ki, onlar texniki strukturdan daha çox dərin dəyərlərə və fəlsəfi düşüncələrə arxalanır. Sistemdə aparılan dəyişiklik, həmin dəyişimin yönəldiyi iştirakçıların (təhsil işçiləri, müəllimlər, tələbələr, valideynlər və s.) daxili motivasiyalarını üzə çıxarmağa xidmət etmılidir və inkişaf,  davamlı qrup işləri və biliklərin paylaşılması şəklində təmin olunmalıdır.

Dörd “yanlış aparıcı” isə sıradakı kimidir: cavabdehlik (hesabatlılıq), fərdi müəllim və liderlik keyfiyyətləri, texnologiya, parçalanmış strategiyalar.

Lakin, yazıçı qeyd edir ki, bu “yanlış aparıcı qüvvələr” hər zaman yanlış deyil; onların sistemdəki islahatın aparıcı qüvvələri hesab olunması yanlışdır. İndi bu “yanlış güclərin” niyə yanlış olduqlarını ayrı-ayrılıqda incələyək. Cavabdehliliklə başlasaq deyə bilərik ki, bir termin olaraq “cavabdehlik”, “hesabatlılıq” yanlış deyil; yanlış olan odur ki,  hesabatlılıq standartlar, yoxlanma, mükafatlandırma və cəzalandırma formasında edilir. Faktiki olan odur ki, xaricdən olunan bu kimi təzyiqlər nəticəsində moivasiyanın qaldırılmağa çalışılması düzgün metod deyil və təsirli nəticələr vermir. Təsirli olan və şagird nəticələrinin qaldırılmasına xidmət edən düstur “öyrənmə-təlimatlandırma-yoxlanma zənciri” dir. 

Fərdi müəllim keyfiyyətinin qaldırılmasına gəldikdə isə, müəllimləri bir-biri ilə rəqabətə sürükləyərək inkişaflarına nail olmağa cəhd etmək yanlış addımdır; doğrusu, müəllimləri biliklərini professional şəkildə bölüşməyə və qrup şəklində işləməyə həvəsləndirməkdir.

Texnologiyaya gəldikdə isə, yenilik və innovasiya vacibdir, lakin pedaqogika ilə birlikdə tətbiq olunmadığı müddətcə nəticə arzuolunan olmayacaq – texnologiya pedaqogikaya dəstək olmalıdır və bu əksinə ola bilməz. Təhsil sistemləri uğursuzluqlara mərzu qalırlar, çünki sistemdə aparılan köklü dəyişiklikləri parçalar şəklində edirlər, sistemli deyil. Sistemli həll yolu dedikdə, bu da sadəcə systemin fərqli parçalarının birləşməsi deyil, sistemin bütün elementlərinin bir-biri ilə sıx bağlılığı və prosesdə iştirakı nəzərdə tutulur. Bu tipli sistemlərdə öyrənmə hər gün baş verir.

Yekun olaraq, potensialın yaradılması, qrup şəklində işləmək, texnologiyanın gücləndirdiyi dərin pedaqogika systemin bütövlükdə inkişafının əsasını təşkil edir. 

İstinad

Fullan, M. (2011). Choosing the Wrong Drivers for Whole System Reform. Centre for Strategic Education Seminar Series Paper No. 204

 

Əminət Diqanayeva

Təhsil Məsləhətçisi

 

Macarıstanın Eotvos Lorand Universitetində (ELTE - Eötvös Lorand University) doktorant (PhD)

 

İzlə : Professional öyrənmə qrupları | Əminət Diqanayeva


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az